London merindən xəbərdarlıq: "Xaosun astanasındayıq!" 

09:10 16.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Londonun meri Sadiq Xan, "deepfake" texnologiyası ilə hazırlanan saxta səs yazısı səbəbindən ciddi xaosun astanasında olduqlarını söyləyib.

Hafta.az-ın yazdığına görə, Xan “Radio 4”də yayımlanan “Niyə mənə nifrət edirsən?” verilişində çıxış edib. O, podkastında verdiyi açıqlamada, noyabrda sosial mediada yayımlanan səs yazısı ilə bağlı "Ciddi qarışıqlığın astanasından qayıtdıq" deyib.

Noyabrın 11-də yayılan saxta səs yazısında Xanın bütün londonluları Fələstinə dəstək yürüşünə çağırdığı eşidilirdi.

Böyük yürüş Birinci Dünya Müharibəsində həlak olan əsgərlərin xatirəsini ehtiramla yad etmək üçün Birliyin təşkil etdiyi Anım Gününə təsadüf edib.

Leyboristlər Partiyasının üzvü olan 53 yaşlı siyasətçi səs yazısının Britaniya cəmiyyətində xaos yaradacaq bir vaxtda yayımlandığını bildirib və “Əgər problem və qarışıqlıq yaratmaq istəyirsinizsə, bundan yaxşı vaxt tapa bilməzsiniz" deyib.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Fələstinə dəstək yürüşünün Anma Gününə hörmətsizlik olduğunu deyib və daha sonra daxili işlər naziri Suella Braverman da nümayişin ləğvini istəyib.

Minlərlə insanın qatıldığı Fələstinə dəstək yürüşü zamanı polislə fəallar arasında dava düşüb. Bundan əlavə, radikal sağçı qruplar əks etiraz aksiyası təşkil edib və fəallar arasında toqquşma baş verib. Yürüşlər zamanı azı 145 nəfər saxlanılıb, 7 nəfər barəsində məhkəmə prosesi başlayıb.

Süni intellektin hazırladığı “deepfake” qeydində bu ifadələr də yer alıb: "Met Police”ə nəzarət edirəm, onlar London meri nə desə, onu edəcəklər. Britaniya xalqı ağıllarına gəlməlidir".

Pakistan əsilli siyasətçi səs yazısını hazırlayan şəxsin tutula bilməyəcəyini deyib.

Sosial mediada radikal sağçı qruplar tərəfindən tez-tez paylaşılan səs yazısı Xanın irqçi hücumlara məruz qalmasına səbəb olub. Vəziyyətin onu çox əsəbiləşdirdiyini deyən Xan, "Dostların və ailənin belə şeyləri görməsi son dərəcə kədərlidir" deyib.